SEO Haqqında Bilməli Olduqlarınız

Əgər internetdə SEO haqqında araşdırmısınızsa, bu o deməkdir ki, SEO-nun faydaları haqqında artıq məlumat sahibisiniz.
✅ SEO sayta trafik qazandırır
✅ SEO satışları artırır
✅ SEO saytı axtarışda ilk sıralara gətirir
Bir sahibkar olaraq bir işin dəyəri, o işin biznesə qazandıracağı potensial müştəri ilə ölçülür. SEO isə sahib olduğu faydaları ilə biznes üçün olduqca vacib görünür. Həqiqətən də, SEO çox vacibdir.
Məhz bu səbəbdən, SEO-ya olan maraq hər il getdikcə artır. Hər nə var ki, son zamanlarda SEO üçün müraciət edən sahibkarlardan real olmayan, SEO ilə ümumiyyətlə uzaqdan-yaxından əlaqəsi olmayan fikirlər eşidirik. Bu səbəbdən bu yazını yazmaq qərarına gəldik.
Bu yazı, SEO prosesinə başlamaq istəyən sahibkarların oxumalı olduğu bir yazıdır. Bu yazı eyni zamanda SEO-dan nə gözləməli olduğunu tam olaraq anlamayan, lakin biznesində mütləq SEO-dan faydalanmaq istəyən sahibkarlar üçün də faydalı olacaq.
Odur ki, uzatmadan yazımıza keçək.
#1 SEO saytda davamlı olaraq bloq paylaşmaqdan ibarət deyil
Bir çox insan SEO-nu məzmunla qarışdırır və ya SEO işini sadəcə məzmun paylaşmaqdan ibarət görür. Bu çox normaldır çünkü SEO prosesinin görünən tərəflərindən biri bəlkə də ən vacibi bloq paylaşımlarıdır. Müştərilərimiz saytın arxa planında nə edildiyini görmədikləri üçün, gördükləri tərəfə, yəni məzmunlara fokuslanırlar.
Bloq paylaşmaq və ya daha doğru ifadə ilə məzmun yayınlamaq, SEO üçün çox vacibdir. Məzmunlar saytınızın əlaqəli axtarışlarda istifadəçilərin qarşısına çıxmağa kömək edir. Lakin SEO sadəcə məzmun yayınlamaqdan ibarət deyil.
SEO prosesinin ciddi bir hissəsini saytın texniki xətalarını aradan qaldırmaq, səhifələri optimizasiya etmək və müasir SEO yanaşmalarını tətbiq etmək təşkil edir. Eləcə də, bloq planlaşdırmasının edilməsi, məzmun strategiyasının qurulması, hansı məzmunların və hansı açar sözlərin sayt üçün əhəmiyyət kəsb etdiyinin tapılması, SEO prosesinin bir parçasıdır.
#2 SEO SMM deyil…
SEO haqqında yeni məlumat alan bir çox sahibkar, SEO-nu SMM ilə qarışdırır. Bugünə qədər bu barədə eşitdiyimiz suallardan bəziləri:
🧐”Instagram-da izləyici sayımızı artırmaq istəyirik.”
🧐”Biz istəyirik ki, Facebook-dan satış edək”
SEO sahəsinə olan tələbatın artmağı yaxşıdır. Lakin insanların SEO barədə bilməli olduqları ən vacib detal odur ki, SEO saytda aparılan optimizasiya prosesidir. Instagram, Facebook və ya digər platformalarda SEO üçün bir neçə tvik etmək olsa da, SEO-işinin çəkirdəkini sayt və sayt üzərində aparılan işlər təşkil edir.
SEO ödənişli bir marketinq modeli olmadığı üçün, hər klik üçün ödəniş etmirsiniz. Bu o deməkdir ki, bu klikləri siz ödənişsiz qazanırsınız. Lakin bu o demək deyil ki, SEO-ya başladığınız günün axşamı saytınız vasitəsilə yüzlərlə, minlərlə hətta on minlərlə insana çatacaqsınız.
Bu SMM-də mümkündür. Çünkü SMM-də siz klik üçün ödəniş edirsiniz və qısa müddətdə ödənişinizin qarşılığını alırsınız. SEO-da isə həmin klikləri qazanmaq üçün saytınızı bir müddət optimizasiya edirsiniz. Bu müddət bəzən 3 ay, bəzən isə 3 il olur. Lakin SEO-da qazansanız, SMM-də əldə edəcəyiniz performansdan çox daha yaxşısını əldə etmiş olursunuz.
#3 İlk aydan satışlarınız artmayacaq
Bu bənd sizi məyus edə bilər. Hər nə qədər “1 həftədə satışları qaldırırıq”, “1 ay sonrasında axtarışda 1-ci çıxacaqsınız” deyənlər çox olsa da, çox vaxt SEO-da ilk aydan nəticə görmək belə mümkün olmur.
Bunun səbəbi, işin təbiətidir. SEO-da təhlil, planlaşdırma və strategiyanı tətbiq etmə müddəti müəyyən bir vaxt çəkir. Böyük saytlar üçün daha böyük hazırlıq lazımdır, kiçik saytlar üçün isə daha az. Lakin hər vəziyyətdə, hər bir saytda atılacaq addımları müəyyən etmək üçün planlaşdırma şərtdir.
Bunun xaricində, tətbiq edilən addımların nəticələrini də həmini dəqiqə ala bilmirsiniz. Bunun səbəbi də axtarış sistemlərinin işləmə prinsipləridir. Saytda edilən düzəlişlərin meta məlumatlarının alqoritm tərəfindən oxunması və dəyərləndirməsi müəyyən bir vaxt alır.
Bazar və rəqabət səviyyəsi, SEO-ya qoyulan investisiya, texniki məsələlər və iş prosesi kimi bir çox faktor SEO-dan alınacaq nəticə üzərində böyük pay sahibidir.
#4 Nə qədər çox məzmun paylaşsanız, o qədər çox trafik qazanmayacaqsınız
SEO üzrə dəstək alan hər bir şirkət, saytda görülən işlərin böyük bir hissəsinin məzmunlardan ibarət olduğunu görüb çox bloq paylaşsam daha çox trafik alaram düşüncəsinə qapıla bilir.
Məqaləmizin birinci bəndində dediyimiz kimi, SEO prosesi saytda davamlı olaraq bloq paylaşılmasını əhatə etmir. Məzmun bu işin bir hissəsidir. Məzmunların xaricində texniki və səhifə-daxili optimallaşdırmalar, SEO prosesinin əsasını təşkil edir.
Bu o demək deyil ki, saytda davamlı olaraq çox sayıda bloq paylaşmaq sayt trafikinizi 2x, 3x, 5x,…100x artıracaq.
Əgər saytınızda aylıq olaraq müəyyən bir sayda bloq paylaşımı edilirsə, paylaşım sayını bir anda 3x, 5x, 10x artırmaq alqoritmin saytınızı dəyərləndirmə mexanizminə təsir edə bilər. Əlavə olaraq, kəmiyyəti artırmaq üçün keyfiyyətdən də fədakarlıq edəcəksinizsə, bunu heç etməsəniz daha yaxşıdır.
#5 Bloqlardan trafik əldə etmək mənasız deyil
Bir çox sahibkar üçün SEO-da uğurun göstəricisi satışları artırmaqdır. Bu səbəbdən Google axtarışlarında məhsul və ya kateqoriya səhifələrinin görünməsi daha arzuolunandır. Bloqların gətirdiyi trafik isə “lazımsız” olaraq görülür.
Halbuki, bloqlar vasitəsilə qazandığınız trafik çox dəyərlidir.
Bloqlar saytınıza potensial müştəriləri cəlb etmək üçün faydalıdır. Bloqlar vasitəsilə markanızı insanlara tanıdır, istifadəçilərə ilkin təəsürat verirsiniz.
Hər nə qədər bloqlardan gələn trafikin çox az bir hissəsi satışa dönüşsə də, bir çox insan bloqlar vasitəsilə saytınızı və brendinizi tanıyır.
#6 SEO ödənişsiz deyil
“SEO ödənişsiz marketinq strategiyasıdır” sözünü çox yerdə eşitmiş olarsınız. Bu söz 100% səhvdir. Bir çox halda SEO üçün ödənilən məbləğ, reklam üçün ayrılan məbləği belə keçə bilir.
Düzdür, SEO-da saytınızı axtarış nəticələrində qabağa çıxarmaq ödənişsizdir. Yəni, siz saytınızın axtarışda 1-ci sırada görünməsi üçün heç bir ödəniş etmirsiniz.
Lakin bu, sadəcə nəzəri olaraq belədir.
Google alqoritminin böyük bir hissəsi, veb saytı reytinqinə görə daha yüksək sırada göstərməkdən ibarətdir. Reytinq dedikdə, domenin gücü və populyarlığı nəzərdə tutulur. Bəs, domenə güc və populyarlıq qazandıran nədir? Backlinklər!
Backlinklər başqa saytlardan sizin sayta verilən referanslar, keçidlərdir. Qısaca desək, saytınızın nə qədər çox keyfiyyətli backlinki varsa, o qədər də axtarışda yuxarıda görünəcək.
Əfsuslar olsun ki, backlinklər ödənişlidir və keyfiyyətli backlinklərin qiyməti bahadır.
Xülasə, SEO ödənişsizdir, lakin uğurlu SEO optimizasiya prosesi ödənişli strategiyaların tətbiqinə ehtiyac duyur.
#7 Search Console ekranında gördükləriniz reallığı yansıtmır
Google Search Console aləti, saytın SEO performansını göstərən alətdir. Bu alət bizə saytın nə qədər trafik aldığını göstərir. Lakin SEO-da trafik məsələsi biraz qarışıqdır.
Bəzən müştərilərimiz Google Search Console ekranında trafikin anidən yüksəldiyini görüb sevinir və bunun nəticəsində SEO strategiyasında dəyişikliklər edilməsini və daha çox böyümə əldə etmək istədiyini ifadə edir. Bəzən isə trafikdə ani düşüşlər, müştərimizin kefini pozur və SEO strategiyasında nəyinsə yanlış olduğunu düşünür.
Məsələ budur ki, SEO-da heç vaxt nə trafikin artmasına, nə də düşməsinə emosional yanaşmamaq lazımdır. SEO uzun müddətli bir prosesdir. Google alqoritmində meydana gələn dəyişikliklər, trendlərin dəyişməsi, mövsumi hadisələr və daha bir çox şey trafikin artıb-azalmasına səbəb olur.
Əsas məsələ trafik yox, görülən işdir. SEO strategiyası düzgün qurulubsa və saytda davamlı olaraq təkmilləşdirmələr edilirsə, SEO-dan istədiyiniz geri dönüşü alacaqsınız.
#8 SEO mütəxəssisi saytın bütün texniki işlərini görmür
Ən çox qarşılaşdığımız məsələlərdən biri, sahibkarların SEO mütəxəssisini web developer yerinə qoymasıdır. SEO mütəxəssisləri veb saytdakı texniki problemlərin həlli üçün lazım gələn tapşırıqları yazan və bu tapşırıqların yerinə gətirilib gətirilmədiyini yoxlayan bir roldadır.
Bu məsələ, bəzən sahibkarlarda çaşqınlıq yaradır. Necə olur ki, veb saytın texniki problemləri haqqında task yaza bilirik lakin onları həll edə bilmirik?
Əslində, SEO mütəxəssisi proqramist və ya web developer deyil. Lakin SEO optimizasiya üçün lazımi gələn texniki biliklərə sahib mütəxəssislər, veb saytda SEO cəhətdən nələrin səhv olduğunu anlaya bilir. Bu etapda SEO mütəxəssisləri xidmət göstərdikləri saytın IT komandası ilə birgə çalışaraq bu problemləri aradan qaldırır.
Bəs, adi proqramist və ya developer özü bu problemləri aşkar edib həll edə bilməz?
Xeyr.
#9 SEO mütəxəssisinizə güvənməmək yaxşı bir fikir deyil
Bəzi hallarda sahibkarlar SEO prosesindən istədikləri nəticəni sürətli bir şəkildə ala bilmədikləri üçün SEO mütəxəssislərinin gördüyü işdən narazı qalırlar. Bu mərhələdə isə sahibkarlar adətən işə qarışmaq, SEO mütəxəssisini və ya agentliyi qurulan strategiyaya zidd addımlar atmağa məcbur etmək kimi davranışlar sərgiləyirlər.
Bu isə daha böyük problemlərə səbəb olur.
Belədir ki, SEO uzun müddətli bir prosesdir və bir çox halda real nəticələr əldə etmək üçün bir müddət gözləmək və saytda davamlı olaraq SEO təkmilləşdirmələr etmək lazım gəlir. Lakin nə qədər gözləməli olduğunuz barədə heç bir dəqiq məlumat yoxdur. Bu müddət 1 həftə də ola bilər, 1 ay da, 1 il də. Bu məsələ görülən işdən və atılan addımlardan asılıdır.
Google alqoritminin veb saytın vəziyyətini dərk etməsi və saytı uzunmüddətli dəyərləndirmə nəticəsində layiq olduğu yerə gətirməsi, 1 gecədə olan bir iş deyil. Bu səbəbdən SEO prosesində tələsmək və SEO mütəxəssisinizin təcrübəsindən şübhə etmək arzu olunmayan nəticələrin yaranmasına səbəb ola bilər.
#10 Aqressiv SEO strategiyası düşündüyünüz qədər yaxşı bir şey deyil
Gəldik, ən təhlükəli və son maddəyə. “Mən aqressiv SEO istəyirəm! Gözləməyə vaxtım yoxdur, nəticə lazımdır!” deyən sahibkarları yaddan çıxartmaq istəmirik.
Əziz sahibkarlar. SEO literaturasında aqressiv SEO deyə bir termin yoxdur. SEO prosesini aqressiv şəkildə tətbiq etmək üçün 2 yol var; ya daha çox backlink almalısınız, ya da daha çox məzmun paylaşmalısınız. Hər iki yol, saytın spam olaraq görülməsinə səbəb ola biləcək yollardır. Bu səbəbdən bu riski almağınızı tövsiyyə etmirik.
SEO-nu aqressiv şəkildə tətbiq etmək, SEO sahəsinin təbiətinə ziddir. SEO rəqəmsal marketinqin ən uzun müddətli və ən çox gəlir qazandıran strategiyalarından biridir. Əgər ən yaxşı nəticəni istəyirsinizsə, səbr etməli və davamlı SEO etməlisiniz.