Google Patentlərindən 5 Maraqlı Fakt

Google patentləri, axtarış motoru alqoritmi haqqında məlumat əldə etmək üçün dəyərli mənbələrdir. Bu mənbələrdə siz alqoritmin necə işlədiyi, nələri diqqətə aldığı, hansı faktorların alqoritm üçün vacib olduğunu tapa bilərsiniz.

Bu yazıda Google patentlərindən öyrəndiyim 5 maraqlı məlumatı sizlərlə paylaşacam.

#1 Alqoritm nə hiss etdiyinizi “anlaya bilir”

Google alqoritmi nə hiss etdiyinizi anlaya bilir. US11328218B1 nömrəli Google patentində qeyd olunur ki, alqoritm insanların hər hansı bir şeyə (hadisə, məqalə, post, paylaşım vs.) necə reaksiya verdiyini anlamaq üçün rəyləri diqqətə alır. Əgər müəyyən bir şey haqqında çoxluq “maraqlıdır” və ya bənzəri formada rəy bildirirsə, alqoritm həmin şeyin maraqlı olduğunu anlaya bilir. Çoxluğun fikrini diqqətə alaraq internetdəki hər hansı bir şeyə müəyyən bir etiket əlavə edən alqoritm, eyni zamanda bu məlumatlardan istifadə edərək yeni şeylər haqqında insanların nə hiss edəcəyini təxmin edə bilir.

#2 Axtarış nəticələrinə nə qədər baxsanız, nəticələr o qədər dəyişər!

US11379490B2 nömrəli patent, istifadəçilərin axtarış nəticələrində keçirdikləri vaxtın axtarış nəticələrini dəyişdirdiyi ilə əlaqəlidir. Bu nə deməkdir?

Google alqoritmi, siz müəyyən bir axtarış etdiyiniz zaman axtarış nəticələri səhifəsində (SERP) nə qədər vaxt keçirdiyinizi ölçə bilir. Bununla yanaşı alqoritm səhifənin hansı hissəsində daha çox gözlədiyinizi anlaya bilir. Gözləmə müddəti, alqoritm üçün metrik sayılır.

Axtarış nəticələrində görünən hər hansı bir veb sayt yüksək gözləmə müddəti əldə edərsə, alqoritm həmin saytı mükafatlandıraraq axtarış nəticələrində yüksək sıralara gətirir.

Bu patent bizə maraqlı və diqqət çəkən meta başlıqlar və meta açıqlamalar yaratmağımızın nə qədər önəmli olduğunu göstərir. Bundan əlavə olaraq, Google axtarışlarında ilk sıralarda görünmək, avtomatik olaraq yüksək gözləmə müddəti əldə etməyimizə və nəticədə ilk sıralarda daha uzun müddət qalmağımıza kömək edəcək.

#3 Google nəyi niyə axtardığınızı anlaya bilir.

Google axtarışları anlaya bilir. Bundan əlavə olaraq, Google axtarışınızın səbəbini də anlaya bilir.

US11461342B2 nömrəli Google patenti bizlərə ən əlaqəli nəticələri göstərmək üçün axtarış keçmişimizdən necə istifadə edildiyini göstərir. Bu patent, axtarış sorğumuzun bizim üçün nə qədər önəmli olduğunu anlamaq üçün dizayn olunub.

Patentin işləmə prinsipi çox sadədir. Alqoritm harada olduğumuz, nə etdiyimiz, nələrlə maraqlandığımız, günün saatı kimi bir çox faktorları diqqətə alaraq axtarış nəticələrini bizim üçün ən əlaqəli hala gətirir.

Düşünün ki, bir filmə getmək istəyirsiniz. Filmin adı ilə bağlı axtarış edib bileti satın aldıqdan sonra alqoritm sizin bu hərəkətinizi yadda saxlayır. Eyni filmin adını ikinci dəfə axtarışa verdiyiniz zaman alqoritm sizə bilet ala biləcəyiniz saytları göstərmək yerinə, filmlə bağlı mənfi və müsbət rəyləri oxumağınız üçün incələmə və xəbər saytlarını göstərməyə başlayır.

#4 Alqoritm unikal məzmun axtarır!

Hər zaman unikal məzmunların SEO üçün rolundan danışılır. Bu realdır. Belə ki, US20230177360A1 nömrəli Google patenti bizlərə axtarış alqoritminin hər hansı bir varlıq (“entity” – şey) üçün maraqlı və unikal məlumatları axtardığını göstərir.

Patentdə göstərildiyinə görə alqoritm müəyyən bir veb dokumentində (veb səhifəsi) yer alan bütün sözlər və ifadələri analiz edir. Analiz mərhələsində alqoritm söz və ifadələr arasında çox işlədilən və vacib olmayan sözləri filtrləyir. Sonraki etapda alqoritm səhifə daxilində yer alan müəyyən hərəkətə keçirici sözləri tapmağa başlayır. “İlk dəfə”, “nadirən”, “rekordlar qıran” kimi unikal sözlər, alqoritm tərəfindən veb səhifəsinin əsas varlığı (“entity” – şey) ilə əlaqələndirilərək söz birləşməsi yaradır. 

Nümunə olaraq, “Everest Dağı dəniz səviyyəsindən ən yüksəkdə olan dağdır”. Veb səhifə daxilində yer alan vacib sözlərlə əsas açar sözün söz birləşməsi halına gətirilməsi, alqoritmin həmin veb səhifəsində mövcud olan unikal məlumatları anlamasına kömək edir.

#5 Alqoritm səhv axtarışlarınızı belə anlayır.

Hər birimiz axtarış edərkən yazı xətası etmişik. Bu halda Google alqoritminin səhv yazdığınız sözü necə anladığını düşünmüsünüz?

US11847176B1 nömrəli patent, Google axtarış alqoritminin yazı xətası olan axtarışları necə anladığı ilə əlaqəlidir. Bu patentdə istifadəçi axtarış edərkən axtardığı şeyin adını səhv yazdığı zaman alqoritmin buna necə reaksiya verdiyi detallı şəkildə izah olunub.

Belə ki, siz bir axtarış edərkən yazı xətası etmisinizsə, alqoritm bunu dərhal başa düşə bilir. Bunun üçün alqoritm axtarış zamanı istifadə etdiyiniz digər sözlərlə yazı xətası olan söz arasındakı əlaqələri anlamağa çalışır. Deyək ki, siz “Florence Nightingale Xəstəxanası” haqqında axtarış edərkən yanlışlıqla “Florence Nigtingale Xəstəxanası Xəstəxanası” axtarmısınız. Bu halda Google alqoritmi xəstəxana sözü ilə Florence Nigtingale sözü arasındakı əlaqəni anlamağa çalışır. İlk növbədə xəstəxana sözü sayəsində alqoritm sizin bir xəstəxana axtardığınızı anlayır. Sonraki mərhələdə isə realda Florence Nigtingale Xəstəxanası olmadığı üçün Google sizin əslində Florence Nightingale Xəstəxanası axtardığınızı başa düşür.

Deyək ki siz, tək sözdən ibarət bir axtarış edərkən yazı xətasına yol vermisiniz. Nümunə olaraq, Obama yerinə Obamca axtarmısınız. Bu halda isə alqoritm bazada yer alan sözlərdən istifadə edərək axtarışın kontekstini anlayaraq sizə Obama ilə əlaqəli nəticələri göstərəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir